Sosial iqtisadiyyat

"Dekabrda Rusiya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanacaq"

"Azərbaycan ayrı-ayrı məhsulların ixracında Rusiya bazarında liderlik mövqeyindədir".

Bu fikirləri Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib. Regionlararası forumda Rusiyanın 30 regionundan nümayəndələrin iştirak etdiyini bildirən nazirin fikrincə, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqelərini möhkəmləndirməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir.

M.Oreşkin Rusiyada iki ölkə rəhbərliyi, eləcə də idarə və müəssisələr, regionlar arasında ənənəvi dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Bundan əlavə, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənib. Rusiya rəsmisinin fikrincə, bu, həm də regionlar arasında əməkdaşlığın genişlənməsi sayəsində mümkün olub.

M.Oreşkin ikitərəfli əlaqələrin inkişafında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin şəxsi mehriban dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib. O həmçinin dekabrda Bakıda, Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)