Hadisə

Milyonları mənimsəməkdə təqsirləndirilən bankir özünü günahkar bilmir

Bakı Ağır Cinayətlər Məhkəməsində “GünayBank” ASC-nin idarə heyətinin sabiq sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Emin Zeynalov özünü təqsirli bilməyib.

Qeyd edək ki, Emin Zeynalov bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın milyonlarla pulunu mənimsəməkdə günahlandırılır. Bildirilir ki, Emin Zeynalov ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası yatıraraq ziyana düşdüyü məlum olub.

Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında bir çox tanınmış şəxslər olduğunu qeyd olunur. İş üzrə zərər 30 milyon manata yaxındır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)