Sosial iqtisadiyyat

Hərracda qalib gəlsə də, məhsulu ona vermirlər

Bakıda tez-tez müəyyən məhsulların hərracda satılması ilə bağlı elanlar yayımlanır. Dəfələrlə sosial şəbəkələrdə bu haqda müzakirələr zamanı “onsuz da, öz adamlarını qalib edirlər” deyə fikirlər bildirilir.

ENA.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Şahin Səfərov bildirib ki, oktyabrın 14-də “Rabitəbank”ın hərraca çıxardığı 117.8 qram qızılın açıq hərracda satışında iştirak edib qalib gəlsə də, qızıllar ona verilmir:

“Mən hərracda elektron şəkildə iştirak edərək qalib gəldim. Elə həmin gün mən hərracın təşkilatçısı ilə hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalamaq istəsəm də, onlar mənim ilk öncə tələbkara, yəni “Rabitəbank”ın baş ofisinə yaxınlaşmalı olduğumu dedilər. Ora yaxınlaşdıqda isə məni qarşılayan bankın Baş Ofisinin Baş Direktoru Ceyhun İbrahimov dedi ki, qızıl sahibi borcunu bağladığı üçün qızılı heç bir halda təhvil verə bilməyəcək. Ceyhun İbrahimov oradaca Respublika Xammal və Əmtəə Birjasının əməkdaşı Günel xanıma zəng edərək hərracın baş tutmamasına dair imtina məktubu göndərəcəyini dedi.

Halbuki, qanunvericiliyə görə, hərracın təşkilatçısı auksionu onun keçirilməsi gününə ən geci üç gün qalmış imtina edə bilər. Hərrac baş tutduqdan və qalib müəyyən olunduqdan sonra isə hərracın keçirilməsindən imtina oluna bilməz. İndi Respublika Xammal ve Əmtəə birjası və Rabitəbankın Baş ofisi arasında get-gələ düşmüşəm. Hər iki qurum qanunla məsuliyyət daşıdıqları öhdəlikləri bir-birinin üzərinə atır və yerinə yetirməkdən boyun qaçırır. Hərracda qalib olduğum təqdirdə hesab nömrəsini vermirlər ki, məbləğin qalan hissəsini ödənişini edib, qanuni şəkildə qalib gəldiyim qızıl zinət əşyalarını götürə bilim.

Hərracda qalib olduğuma dair sənəddən də göründüyü kimi rəqibim Şirvan adlı şəxs idi. Sonradan öyrəndim ki, bu Şirvan adlı şəxs bankın əməkdaşıdır”.

“Rabitəbank”dan bildirilib ki, bu məsələnin həlli onlardan yox, hərrac komitəsindən asılıdır: “Rabitəbank” ASC ilə müştəri arasında bağlanmış kredit müqaviləsi üzrə müştəri bank qarşısında öhdəliklərinin təminatı kimi qızıl-zinət əşyalarını “Rabitəbank” ASC-nin xeyrinə girov qoyub. Kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyi üçün məhkəmədə iddia qaldırılıb və 30.03.2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən müştəridən borcun tutulması və tələbin girov əmlakı olan qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərrac yolu ilə satılması qət edilib. Bu məqsədlə, 30.03.2015-ci ildə məhkəmə qətnaməsinə əsasən girov predmeti olan qızıl-zinət əşyaları həmin tarixə mövcud olan qiymətlərlə qiymətləndirilib. Cari ilin oktyabrın 14-dü tarixində “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”-nin keçirdiyi, onlayn elektron hərracda alıcı Səfərov Şahin Vaqif oğlu tərəfindən satın alınıb. Məhkəmə qətnaməsinə əsasən, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq girov qoyulmuş əmlakın satılması və satışdan sonra olacaq olan digər tədbirləri məhz hərrac təşkilatının səlahiyyətlərinə aiddir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)