"Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin".
ENA.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı səsləndirib.
Dövlət başçısı deyib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.