"Saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir" - Gəmiçilikdən açıqlama
“son günlər bəzi saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) ilə bağlı dezinformasiyalar yayılmaqdadır”.
“BI” xəbər verir ki, bu barədə Gəmiçiliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qurumun Təchizat Departamentində aparılan kadr dəyişikliyini əksər saytlar yanlış tərəfə istiqamətləndirir: “Bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin idarə edilməsi Separtamentində davam etdirəcəklər.
Saytlarda AXDG-nin sədr müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda da öz vəzifəsini icra etməkdədir.
Gəmiçilik olaraq jurnalistlərə yoxlanılmamış və əsassız məlumatları tirajlamamağa çağırırıq”.