Sosial iqtisadiyyat

Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri David Tonoyanla eyni mövqedə olduğunu bildirib.

ENA.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Z.Mnasankayn Nyu-Yorkda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla sentyabrın 23-də keçirəcəyi görüşlə bağlı müsahibəsində bunu deyib. D.Tonoyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad ediləcəyini istisna etməyib.

Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər - D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.

Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)