"Xarici tinglərin ölkəyə gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir"
“Milli brendlərin istehsalı məqsədilə yüksək keyfiyyətli yerli texniki üzüm sortları yetişdirən istehsalçılara subsidiyaların verilməsi məqsədəuyğundur. Bu təcrübə artıq qonşu Gürcüstanda xeyli vaxtdır tətbiq olunur"
"Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2018-ci ildə 1.6 milyon dekalitri ötüb. Bunun da 660 min dekalitri ixrac edilib. Hazırda dünyada ən çox şərab idxal edən ölkələrdən Çin və Rusiya bazarları Azərbaycan şərabı üçün potensial bazarlar kimi dəyərləndirilir. Belə ki, 2018-ci ildə cəmi ixrac edilmiş şərabın 96.1 faizi məhz bu ölkələrə ixrac edilib. Azərbaycan bu bazarlarda rəqabətqabiliyyətlidir və orada öz payını əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, üzüm ixracının da 5 dəfə genişləndirilməsi hədəflənib".
Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Vüqar Səlimov açıqlamasında deyib.
O, bildirib ki, ölkəmizdə şərabçılıq sahəsinin potensialı daha böyükdür:
"Qarşımızda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və hədəflər dayanır. Hazırda 19 əsas istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20% yüksəldilməsi, üzüm bağlarının isə 2.5 dəfə genişləndirilməsi məqsədəuyğun hesab edilir. Seçilmiş 19 rayon üzrə 18 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Həmin üzümlüklərdən isə 100 sent/ha orta məhsuldarlıqla 300 min ton üzüm istehsalı gözlənilir ki, bu da hədəflənən istehsal göstəricisindən də yüksəkdir. 2018-ci ildə ölkədə üzüm ehtiyatlarının cəmi 186.1 min ton təşkil edib. Ehtiyatların 90.1%-i və ya 167.6 min tonu ölkə daxilində istehsal olunub, 9.1%-i və ya 16.9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünütəminetmə səviyyəsi 92.5% təşkil edib. 2018-ci ildə adambaşına 10.2 kq üzüm istehlak edilib".
V.Səlimov deyib ki, üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafına nail olmaq, üzüm və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir:
"Qlobal trendlər nəzərə alınmaqla üzümçülük və şərabçılıq sahələrinin dayanıqlı inkişafı məqsədilə dəyər zəncirinin bütün həlqələrində kompleks yanaşmanı tətbiq etmək, regional ixtisaslaşmanı, istehsal və ixrac coğrafiyasını genişləndirmək, mövcud istehsal potensialından və emal güclərindən tam və səmərəli istifadə etmək hesabına daha yüksək artımlar əldə etmək olar.
Ölkənin şərabçılıq üzrə ixrac potensialının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilməlidir. Bunlardan biri beynəlxalq standartlara cavab verən yerli şərab brendlərinin yaradılması və ixracıdır. Yerli şərab brendlərinin hazırlanması onun xammal bazasının formalaşdırılmasından asılıdır. Bu baxımdan, Azərbaycanın yerli texniki üzüm sortları geniş potensiala mallikdir.
Ona görə də yerli üzüm sortları bərpa olunmalı, ənənəvi və biotexnoloji üsullardan istifadə edilərək sürətli çoxaldılmalı, onlardan fillokseraya davamlı calaq tinglər istehsal edilib, istehsalçılara təqdim edilməlidir".
Onun sözlərinə görə, fermerlər və şirkətlər bizim yerli üzüm sortlarımızı indiyədək ona görə əkməyə həvəsli deyildilər ki, xaricdən gələn üzüm əkin materialı calaq edilmiş formada gəlir, istehsalçılar filloksera zərərvericisinə davamlı üzüm əkin materialından istifadəyə üstünlük verərək bu zərərvericinin təsirindən bağlarını sığortalayırlar:
"Lakin özümüzdə o əkin materialı istehsal edən müəssisənin yaradılması ilə bu problem aradan qalxacaq. Artıq dövlətin dəstəyi ilə bu müəssisə Üzümçülük və Şərabçılıq ET İnstitutunun nəzdində Şamaxı rayonunda tikilir. Müəssisə fəaliyyətə başladıqdan sonra Azərbaycan özü calaq ting üzüm əkin materialı istehsal edəcək. Müəyyən qədər xaricdən idxalın qarşısı alınacaq. Eyni zamanda, Azərbaycanın yerli üzüm sortları qorunub saxlanılacaq, onlar əkiləcək. Xaricdən ting gətirmək sahibkarlara olduqca baha başa gəlir. Respublikaya ilbəil xarici mənşəli tinglərin gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Respublikanın torpaq-iqlim şəraitinə uyğun olan yerli üzüm sortlarından calaq edilmiş tinglərin istehsalını genişləndirməklə xarici mənşəli üzüm tinglərinin idxalının azalmasına və sort probleminin tənzimlənməsinə, Azərbaycana məxsus olan şərab brendlərinin yaradılmasına nail olmaq olar".
O, bildirib ki, digər tərəfdən, respublikada 18 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulduğu üçün 48 milyon ədəd tingə tələbat yaranacaq:
"Yeni üzümlüklərin ting tələbatının 50 faizinin idxal hesabına, 50 faizinin isə yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Bu tələbatı ödəmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Şamaxı rayonunda tikintisinə başlanan fillokseraya davamlı calaq üzüm tingi istehsal edən emalatxananın potensialından səmərəli istifadə ediləcək. Milli brendlərin yaradılması, müvafiq qaydada qeydiyyatının təmin edilməsi, keçmişdə məşhur olan markaların yenidən istehsalına başlanması, şərab turizminin təşviqi və inkişaf etdirilməsi məqsədilə yaradılmış xüsusi zonalara turist səfərlərinin intensivləşdirilməsi, əsas hədəf bazarlarda beynəlxalq əhəmiyyətli təşviqat tədbirlərinin intensivləşdirilməsi və "Made in Azerbaijan" brendi ilə tanınan şərab məhsullarının hədəf bazarlarda tanıdılmasının gücləndirilməsi, həmin ölkələrlə ixrac üzrə xüsusi ticarət əlaqələrinin yaradılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi məqsədəuyğundur".
Onun sözlərinə görə, respublikada üzümçülük və şərabçılığın zəngin tarixini və qədim ənənələrini, qiymətli üzüm sortları və milli şərab brendlərinin zənginliyini təbliğ etmək, üzüm və şərab turizmini inkişaf etdirmək, üzümçülük və şərabçılıq sahəsindəki innovasiyaların mənimsənilməsi və tətbiqi məqsədilə respublikanın qədim üzümçülük bölgələrinin birində "üzüm-şərab muzeyinin" və "Azərbaycanın yerli üzüm sortlarından ibarət canlı üzüm muzeyinin - milli kolleksiyanın" yaradılması məqsədəuyğundur.
"Yerli əhali daha çox tünd alkoqollu içkilərə (əsasən arağa) üstünlük verir. Biz əhali arasında üzüm şərablarının istehlakı istiqamətində təbliğatı gücləndirməliyik, süfrə şərablarının üstünlüklərini əhaliyə çatdırmalıyıq. Məsələn, dünyada güclü şərab istehsal və ixracatçıları olan bir sıra ölkələr (Almaniya, Fransa, İspaniya, İtaliya, ABŞ, Argentina) həm də güclü şərab istehlakçılarıdır", - deyə institutun direktor əvəzi söyləyib.
V.Səlimov deyib ki, ailə təsərrüfatlarının inkişafına xüsusi diqqət yetirmək lazımdır: "Şato tipli fərdi şərabçılığın inkişaf etdirilməsi məqsədilə dövlət dəstəyinin daha da genişləndirilməsi vacibdir. Bir yerli təcrübəni diqqətinizə çatdıraq. Qax rayonunda, demək olar ki, hər kəsin həyətində üzüm yetişdirilir. Bu üzümlər toplanaraq şirəsindən şərab, cecəsindən isə araq çəkilir. Burada şərab əsasən Kaxeti üsulu ilə, yəni şərabın yerə basdırılmış "kvevri" adlanan böyük saxsı gil küplərdə yetişdirilməsi və saxlanması nəticəsində əldə olunur. Bu şərablar həm yerli əhali tərəfindən, həm də xarici ölkələrdən gələn turistlər tərəfindən istehlak olunur. Digər kiçik ailə fermer təsərrüfatlarının da bu təcrübədən yararlanaraq istifadə etməsi, bölgələrin turizm potensialının səfərbər edilməsi, beləliklə, yerli və xarici turist sayının artırılması və ölkədə şərab turizminin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Milli brendlərin istehsalı məqsədilə yüksək keyfiyyətli yerli texniki üzüm sortları (Mədrəsə, Bayanşirə, Şirvanşahı, Həməşərə, Xindoqnı və s.) yetişdirən istehsalçılara subsidiyaların verilməsi və bu sortlardan ibarət istehsal olunan tinglərə verilən subsidiyanın miqdarının artırılması məqsədəuyğundur. Bu təcrübə artıq qonşu Gürcüstanda xeyli vaxtdır ki, tətbiq olunur".
O, bildirib ki, üzümçülük sahəsində köməkçi vasitələrin (dirəklər, sinklənmiş məftil, kimyəvi preparatlar, gübrələr və s.) və şərab məhsullarının istehsalı üçün bir sıra komponentlərin ölkə daxilində istehsalı mühümdür:
"Üzümçülük və şərabçılıq sahəsində elmi nailiyyətlərin, standartların, normativ-texniki sənədlərin işlənib hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin, səmərəli innovativ texnologiyaların öyrənilməsi, istehsalata tətbiq olunması və təcrübə mübadiləsi baxımından Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) ilə əlaqələrin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Üzümçülük və Şərabçılıq ETİ, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələri ilə birgə layihələr əsasında elm-təcrübə-biznes sistemlərinin, üzüm və şərabçılıq məhsullarının təşviq, marketinq və turizmi istiqamətlərinin müasir səviyyədə formalaşdırılması, texnologiya və aqraryönümlü ixtisaslar üzrə peşə təhsilli və yüksək ixtisaslı kadrların birgə hazırlanması müsbət nəticələr verər".
"Hazırda üzümçülük və şərabçılıq sahəsində aparılan elmi-tədqiqatların istiqamətləri dövlətin bu sahədəki siyasətinə uyğunlaşdırılır, aparıcı xarici elm mərkəzləri ilə əlaqələr genişləndirilir, birgə elmi layihə və proqramlar həyata keçirilir, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması istiqamətində işlər aparılır", - deyə o, diqqətə çatdırıb.
Qeyd edək ki, ölkədə şərab istehsalının stimullaşdırılması üçün son illər bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Prezidentinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" respublikada üzümçülük və şərabçılığın inkişafına dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcək.