MALİYYƏ

ABŞ Federal Ehtiyatlar Sistemi nə üçün ziddiyyətli məqamla üzləşib?

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES və ya FED) bu gün açıqlanacaq faiz qərarı bütün dünyanın daha çox diqqət mərkəzindədir. Bu qərar sonrakı aylarda dünya iqtisadiyyatındakı meyllər üçün bir kompas rolunu da oynaya və/və ya hadisələrin axarını dəyişə bilər. FES-in özü də ziddiyyətli bir vəziyyətlə üzləşib. Bu ziddiyyətli məqam ABŞ iqtisadiyyatı və dünyanın digər iqtisadi güc mərkəzlərinin iqtisadi göstəriciləri arasındakı qütbləşmənin getdikcə artmasıdır ki, bu da son nəticədə nə ABŞ, nə də dünya iqtisadiyyatları üçün yaxşı heç nə vəd etmir. Məhz bu qütbləşmə bu gün FES-i qərar qəbul etməkdə daha tərəddüdlü bir vəziyyətdə qoyur.

FES başçısı Jerome Powell öz çıxışı və mətbuat konfransında nələrə toxunacaq?

YUXARIDA qeyd olunanlar səbəbindən FES başçısı Jerome Powell bu gün mətbuat konfransında öz çıxışını əsasən 2 istiqamətdə quracaq. 1-ci istiqamət ABŞ iqtisadiyyatındakı vəziyyət; 2-ci istiqamət dünya iqtisadiyyatındakı vəziyyət. ABŞ iqtisadiyyatındakı göstəriciləri qeyd edərək vəziyyətin yaxşı olduğunu qeyd edəcək (həqiqətən də ABŞ öz tarixinin ən yaxşı iqtisadi dövrlərindən birini, bəlkə ən yaxşı dövrünü yaşayır). FES-in hazırda diqqətli bir şəkildə izlədiyi əsas məsələ neftin qiymətlərinin artımının inflyasiyaya təsiridir. Bu təsir olacaq, yoxsa olmayacaq? Olacaqsa nə qədər olacaq? Yüksək qiymətlər nə qədər müddət davam edəcək? Digər narahat doğuran məsələnin isə istiqraz bazarı olduğu qeyd olunacaq. ABŞ birjalarının indekslərinə də toxunacaq FES başçısı əsas qayğının dünya iqtisadiyyatı olduğunu bildirəcək. Burada bir haşiyə çıxım. Dünən New York Federal Ehtiyatlar Bankı REPO əməliyyatları vasitəsilə maliyyə sektoruna 53.2 milyard ABŞ dolları inyeksiya etmişdir. Dünyada son bir neçə gün ərzində SWAP bazarında hiss olunan dollar qıtlığı ABŞ-ın özünə də transfer oldu.

Jerome Powell

Hələlik bu qıtlıq geniş miqyasda hiss olunmasa da dünya maliyyə sistemi bunu xüsusilə son günlər hiss etməyə başladı. Beləliklə, dünya iqtisadiyyatı və maliyyə sektorundakı təlatümlərin birbaşa və dolayı yolla ABŞ-a təsir etmək ehtimalları, ABŞ dollarının təkcə ABŞ-ın deyil, həm də dünyanını ehtiyat valyutası olması səbəblərindən FES-in qərar qəbul edərkən dünya iqtisadiyyatındakı meylləri də, xüsusilə Mərkəz Banklarının faiz azaltma yarışlarını da nəzərə almasının vacibliyini də vurğulacaq.

Bu gün dünya iqtisadiyyatı belə bir ziddiyyətli nöqtəyə gəlməkdədir. Bir tərəfdən dünya ölkələri, xüsusilə də dünya iqtisadi güc mərkəzləri arasındakı rəqabət, digər tərəfdən yaranmış və dərinləşməkdə olan problemlərin ortaq problemlərə çevrilməsi. İstiqraz bazarlarındakı vəziyyət (bu mövzuya son illərdə dəfələrlə toxunduğum üçün təkrar etmirəm), yaranmaqda olan likvidlik problemi (növbəti illərdə dünya iqtisadiyyatlarındakı resesiya və böhranın şəxsi fikirlərimə görə borc problemlərinin transformasiyası nəticəsində yaranacaq likvidlik böhranı olacağını bir daha qeyd etmək istərdim), iqtisadi geriləmənin və yaranacaq risklərin yoluxucu olması və sair məsələlər həm də bu gün güclü iqtisadiyyata malik olan ABŞ-ı narahat etməyə bilməz. Ziddiyyətli məqam isə budur: həm ciddi rəqabət mövcuddur, həm də qlobal iqtisadi artımın yavaşımasının dərinləşməməsi üçün əməkdaşlıq vacibdir.

Yuxarıda qeyd olunanları nəzərə aldıqda, FES başçısının bazara konkret və aydın mesajlar verməyəcəyi (hər hansı tərəfə ciddi meyllərin yaranmaması üçün), ikili mesajlar verəcəyi, FES-in yaranacaq vəziyyətlərə uyğun davranacağını vurğulayacağı gözlənilir.

FES-in qərarı nə olacaq?

Dünya maliyyə bazarları FES-in 0.25 faiz bəndi həddində faiz endirməsini artıq nəzərə alıblar. Gözlənilən ən yüksək ehtimal budur. Faizin endirilməməsi isə ciddi qeyri-müəyyənlik və ajiotaja səbəb ola bilər. Lakin, dünya iqtisadiyyatında baş verən hadisələri əsas gətirərək FES-in 0.5 faiz bəndi həddində faiz endirmə ehtimalı da vardır və şəxsi düşüncəm budur ki, məhz bu variant dünya maliyyə bazarını nisbətən rahatladan müsbət senari olardı.

FED-in binası, Vaşinqton, ABŞ

Bu halda ABŞ iqtisadiyyatı üçün qayğı inflyasiya göstəriciləri və fond bazarlarında köpüklərin yaranması məsələləri olar ki, bunu da diqqəti bir şəkildə nəzarət altında saxlayacaqlarını vurğulayarlar. 0.5 faiz bəndi endirilməsi ehtimalı da şəxsi düşüncəmə görə az deyil. Maliyyə bazarlarında dollar çatışmazlığının yaranması meylləri olarsa FES-in kəmiyyə yumşalmasına getmə qərarı da istisna deyildir. Başqa sözlə, FES bazara lazım olduqca dollar inyeksiya edə biləcəyini vurğulayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)