Axtar

Azərbaycanda rəqəmsal reklam qurğuları istehsal olunacaq

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadov Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

ADRA-dan verilən məlumata görə, görüşdə rəqəmsal reklam qurğularının Azərbaycanda istehsal sahəsinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.

Bu məqsədlə şirkət Azərbaycana ilkin mərhələdə 3 milyon dollar dəyərində investisiya yatırmaq niyyətindədir. Ölkədə müvafiq istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına gətirib çıxaracaq.

Müəssisənin ilk istehsalı gələn ilə planlaşdırılır. Reklam bazarının dinamik inkişafı fonunda regionda bu tip istehsal sahəsinin olmaması mövcud sahəyə investisiya qoyuluşunu labüd edir.

Qeyd edək ki, Çinin Led monitorlar istehsal edən “Shenzhen GCL Electronics CO LTD” şirkəti dünyada məşhur layihələri ilə - 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kuboku və Şanxayda baş tutan EXPO sərgisi, 2014-cü ildə reallaşan Çin-Asiya EXPO sərgisi, eləcə də 2015-ci ildə Milan-da təşkil edilən EXPO sərgisini həyata keçirməklə tanınır. Şirkət indiyədək dünya miqyasında 10 000-dən artıq LED monitor layihələrini uğurla tamamlayıb. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33