İnşaat və əmlak

Bakıda ən ucuz və ən bahalı mənzillərin satıldığı - MƏKANLAR

Son bir neçə ildir ölkə ərazisində, xüsusilə də Bakıda pilot layihələr çərçivəsində köhnə binalar sökülərək yerində yeni binalar tikilir. Bəs görəsən günü-gündən artan göydələnlər mənzillərin qiymətinə hər hansı bir təsir edirmi?

Məsələ ilə bağlı  danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov sözlərinə görə, pilot layihələr elədir ki, sökülən binanın yerində yenisini tikirlər, bu da mənzilin maya dəyərinə  ciddi şəkildə təsir edir.

“Pilot layihələrin mənzillərinin maya dəyəri hər kdadrat metrə görə təxminən 1200-1300 manata gəlib çıxır. Bu da Bakı şəhərində orta qiymətlə təxmini bir səviyyədədir. Yerindən aslı olaraq pilot layihələrdə mənzillərin bir kvadrat metri 1500 manata satılır”.

Ekspert bildirib ki, mənzillərin qiyməti maya dəyərinə və həmin ərazinin alıcı kontingentinə görə tənzimlənir.  Yəni tələbə görə təklif formalaşır.

Bakıda ən bahalı və ən ucuz mənzillərinin satıldığı ərazilərdən danışan Nüsrət İbrahimov deyib ki, qiymətlər fərqlidir.

“Bakıda ən ucuz mənzillər Yeni Yasamal, mikrorayonların bəzi hissələrində, Günəşlidə, Əhmədlinin bir hissəsindədir. Bu ərazilərdə qiymət təxmini 850-1200 manat arasında dəyişir.  Şəhərin mərkəzində isə qiymətlər bir kvadratmetr üçün 1600 manatdan 4000 manata qədər dəyişir . Ən bahalı mənzillər əsasən şəhərin dənizə görünüşü olan yerlərində, Bayıl tərəfdə olur”.

N.İbrahimov deyib ki, pilot layihələr kirayə mənzil bazarında qiymətlərin artımına səbəb olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)