Yerli vətəndaşlara $900, ərəblərə $1500-ə? — Bakıda FlyDubai-dan xəbərsiz biletlər satıb
«FlyDubai» hava yolları şirkətinin Bakıdakı nümayəndəliyi ilə bağlı məhkəmə araşdırmaları gedir. Şirkətin Bakıdakı təmsilçisi «Baku Trans» MMC olub və bu qurumda mühasib işləmiş Vahid Məcid cinayət məsuliyyətinə cəlb olunub. «FlyDubai» iddia edir ki, şirkətdən xəbərsiz biletlər satılıb, pullar mənimsənilib.
38-yaşlı V.Məcid 74 min manatlıq mənimsəmədə suçlanır. O, CM-in 179-cu (mənimsəmə və ya israfetmə) maddəsi ilə beynəlxalq axtarışa verilib və bir müddət öncə Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. Hazırda isə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Sentyabrın 4-də məhkəmədə məlum olub ki, «FlyDubai»nin Bakı nümayəndəliyində yerli vətəndaşlara 900 dollara satılan biletlər ərəblərə 1500 dollara satılırmış. Bu fərqin səbəbiylə bağlı suala nə V.Məcid özü cavab verə bilib, nə də onunla birlikdə şirkətdə baş mühasib işləmiş Aslan Məmmədov.
Baş mühasib məhkəmədə şahid qismində dindirilib. Hakim onun nəzərinə çatdırıb ki, «FlyDubai» şirkəti biletlərin xəbərsiz satıldığını iddia edir, iş materiallarında bu barədə sənəd var.
Baş mühasib isə bunun mümkünsüz olduğunu deyib: «Biz «FlyDubai»nin Bakıdakı təmsilçisiyik və uzun illərdir birlikdə çalışırıq».
Hakim və prokurorun baş mühasibə suallarından məlum olub ki, «Baku Trans» MMC-də hesabatların verilməsində, biletlərin satışında başqa qanunsuzluqlar da aşkarlanıb. Amma baş mühasib və mühasib bu barədə sualları da cavabsız qoyub.
V.Məcid özünü təqsirli bilir: «Mən işdən çıxarılan ərəfədə istəyirdim deyim ki, pulu itirmişəm. Bununla vaxt qazanmaq istəyirdim ki, pulu yerinə qoyum. Sonra eşitdim ki, işdən çıxarıblar. Hirslənib çıxıb getdim».
V.Məcidin ittiham olunduğu CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
(c)Virtual Azərbaycan