“Xəzər Avtonəqliyyat” hərraca çıxarılır
57 dövlət əmlakı olmaqla 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti hərraca çıxarılıb.
Bu barədə “ENA”ya Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, sentyabrın 17-də hərrac keçiriləcək.
Hərraca çıxarılan əmlaklara onlayn sifariş vermək üçün qeyd olunan linkə daxil olmağınız kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?id=6387
Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsinin ümumi faydalı sahəsi 3312 kv.m olmaqla, 62 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4 saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324,8 kv.m ilə 1772,7 kv.m arasındadır.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45%-ni təşkil edir.
Dövlət əmlakları barədə ətraflı məlumatları Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə əldə etmək mümkündür. Hərraclara qoşulmaq istəyən şəxslər operativ sifariş imkanları ilə seçdiyi əmlak üzrə hərracda iştirak statusu qazana bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir. Qeyd edək ki, hərraclar hər həftənin çərşənbə axşamı saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçirilir.