Bank

“Amrahbank”ın məcmu kapitalı “dib gördü”: 10 milyon defoltun astanasında olmaq demək deyilmi? 

Banklardakı vəziyyətə dair maliyyə sektorunda gedən diskusiyalarda “ən zəif bənd” kimi “Amrahbank”ASC qeyd olunur. “Bankda vəziyyət yaxşı deyil”sə, bunu maliyyə hesabatından da görmək olar, ona görə də açıqlanan bəzi rəqəmlərin üzərində dayanacağıq.   

Müştərilər vəsaitini geri çəkib 
Rəqəmlərin təhlili göstərir ki, yalvar-iyun ayları dövründə “Amrahbank”ın müştəri hesablarında 17 milyon 844 min manat azalma var. 2018-ci ilin sonuna 185 milyon 930 min 54 manat müştəri depozitinə malik olan bank altı aydan sonra 166 milyon 268 min 510 manat portfel açıqlayıb.

Bank öz fəaliyyətində artıq “kapitalını yeməyə” başlayıb. Amrahbank səhmdar kapitalından 6 milyon 918 min manat xərcləyib. 
 

10 milyon?!!
Ən böyük şok yaradacaq rəqəm isə bankın məcmu kapitalının həcmidir. 2018-ci ilin birinci yarısında bankın məcmu kapitalı  21 milyon 842 min 757 manat idisə, 2019-cu ilin 6 ayı nəticəsində bu rəqəm 10 milyon 187 min manata düşüb, başqa sözlə demək olar ki, bankın məcmu kapitalı artıq “dib görüb”. Məcmu kapitala olan minimum tələbin 50 milyon manat olduğunu nəzərə alsaq, 10 milyon artıq bankdakı vəziyyətin kritikliyini göstərir. Məcmu kapitalın adekvatlıq əmsalı isə minimumu haqlaya bilib: 10%.  Bankın balans kapitalı ötən bir ildə 58% azalaraq 14 milyon 472 min manat təşkil edib. 

Dövrün  əvvəlində bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 14 milyon 916 min 590 manat olduğu halda, dövrün sonuna 8 milyon 723 min 339 manata enib. 

 

Kredit portfeli 15% böyüyüb
“Amrahbank”ın aktivləri bir il əvvəlki dövrlə müqayisədə 2,9% artaraq 201 milyon 981 min manat olub. Bunun 182 milyon 971 min manatı risk üzrə ölçülmüş yekun aktivlərdir. Akitvlərdə artımın nəyin hesabına baş verdiyinə gəldikdə, hesabat tam açıqlanmadığından bunu dəqiq görmək mümkün deyil. Yalnız aktivlərə daxil olan kredit portfelinin son bir ildə 15,9% böyüyərək 104 milyon 946 min manata çatdığı açıqlanıb. 
Bundan başqa, aktivlərin tərkibində xüsusi payı olan nağd vəsaitlərinin həcmi bir ildə 11 milyon 960 min 592 manatdan 8 milyon 723 min 340 manata düşüb, Mərkəzi Bankda qalıq vəsaitlər 6 milyon 739 min 697 manata və “Nostro” hesabın həcmi  isə 1 milyon 925 min 220 manatadək azalıb. 

 

İllər üzrə yığılan zərər: 32 milyon
Azərbaycan bankları arasında valyutadəyişmə əməliyyatlarının dövriyyəsinə görə lider olan “Amrahbank” bu ilin altı ayında xarici valyuta ticarətindən 1 002 136,79 manat gəlir götürüb. 2018-ci ilin 6 ayında isə bu rəqəm 1 607 585 manat idi. 
Bankın bölüşdürülməmiş xalis zərəri 32 milyon 541 min manatdır. Bunun 27 milyon 262 min manatı əvvəlki illərin, 5 milyon 279 min manatı isə cari ilin zərəridir. Bank vəziyyətdən çıxmaq üçün emissiya etdiyi səhmdən cəmi 5 milyon 140 min manat əldə edib. 

 

 

P.S. 
Beləliklə, bir bank üçün 32 milyon zərər, 187 milyon manat öhdəlik, 39 milyon manat həcmində nizamnamə kapitalı və 10 milyon manat məcmu kapital nə deməkdir?  
İlk növbədə demək olar ki, “Amrahbank”ın səhmdar payı 29 milyon manat zərərdədir. Başqa sözlə, 10 milyon manat məcmu kapital bankın “defolt astanası”nda olduğunu göstərir. 
Hər halda qarşıdakı iki rübdə səhmdarlar bankı xilas etmək üçün aktivləşməlidirlər, əks halda...

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı