“Unibank”ın verdiyi kreditlərin 58 faizi istehlakdır
Ölkənin ən iri banklarından biri olan “Unibank” ASC-nin kredit portfelinin 58%-ni istehlak kreditləri tutur. Əslində digər faizə baxsaq, 25% də ticarət və xidmət sektorunun payına düşür və burada ticarətin payının çox olduğunu nəzərə alsaq, belə çıxır ki, Azərbaycan iqtisadiyyatı əlavə dəyər yaratmaq əvəzinə yenə də ancaq alıb-satmaqla məşğuldur. İqtisadiyyata kredit qoruluşları qorxulu minimumlardadır.
Məsələn, 404 milyon manat kredit portfelininb cəmi 8%-i sənaye, 4%-i isə kənd təsərrüfatına yönəlib.
Əminik ki, digər banklarda ciddi bir fərq yoxdur və görünür bu təhlilləri aparan Mərkəzi Bank sədri Elman Rüstəmov vəziyyətlə bağlı ölkə prezidenti İlham Əliyevi məlumatlandırmaqla iqtisadiyyatın real vəziyyətinə diqqət çəkdi.
Xatırladaq ki, devalvasiyadan sonra kredit verilməsini dayandıran banklar yalnız məzənnə sabitliyindən sonra yenidən xəzinələrini açdılar. Hökumətin biznes kreditlərini artırmaqla bağlı çağırışlarına baxmayaraq, bu baş vermədi.
Yenə də ilk kredit məhsulları məhz istehlak kreditləri ilə bağlı oldu və bu tendensiya davam edir, çünki bank sektoru inkişafda iqtisadiyyatı qabaqladı və hazırda banklar faktiki olaraq kredit verməyə etibarlı biznesmenlər tapmır. Müəyyən qədər iş quran sahibkarların “kölgə fəaliyyəti” isə kredit verilməsində çətinliklər yaradır.