Bank

“AccessBank” xarici borclarını ödəməyə 198 milyon xərcləyib

“AccessBank” xarici borclarını qaytarmaq üçün daha çox vəsait ayırmağa başlayıb. ENA.az xəbər verir ki, bank 2019-cu ilin 6 ayında xarici borclarının ödənilməsi məqsədilə  198 milyon 231 min manat xərcləyib.

Ötən il xarici maliyyə qurumlarına olan borcların ödənilməsi üçün cəmi 28 milyon 348 min manat ödədiyi halda 2019-cu ilin altı ayında bank bu istioqamətdə xərclərini 7 dəfə artırıb.

Bu isə nəticə etibarilə öhdəliklərdə öz əksini tapıb. Belə ki, 30.06.2018-ci ildə bankın maliyyə müəssisələrindən aldığı kreditlərin həcmi 212 milyon 201 min manat olduğu halda, bu ilin yanvar-iyun aylarının sonunda 32 milyon 129 min manata düşüb.

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəliklərinin həcmi isə 64 milyon 423 min manatdan 21 milyon 994 min manata enib.  Maliyyə sahəsində, subordinasiya borcu isə  o borcdur ki, bank bağlandığı təqdirdə və ya bankrot olduqda ilk növbədə digər borcları qaytardıqdan sonra onu ödəyir. Belə borcluluq ona görə subordinativ adlandırılır ki, bu borcu verən kreditorlar digər borc verənlərlə müqayisədə subordinat, yəni tabeli satusa malik olurlar.

Məlumat üçün qeyd edək ki, 30.06.2019 tarixinə “AccessBank”ın 168 milyon 288 min manat ümumi zərəri var. Bu zərərin 86 milyon 530 min manatı bu ilin altı ayında yaranıb və mümkündür ki, xarici borcların qaytarılması da zərərin belə böyüməsində paya malik olsun.     

Qeyd edək ki, “AccessBank”ın idarə heyətinin sədri Anar Həsənov ENA.az-a açıqlamasında xarici öhdəliklərin azaldılmasını qarşıya məqsəd qoyduqlarını açıqlamışdı. Rəqəmlərin təhlili göstərir ki, bank borclarını qaytarmaq üçün ciddi addımlar atır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı