Bank

Azərbaycanda xarici bankın yerli filialında verilən mükafatın həcminə məhdudiyyət qoyulub

Xarici bankın yerli filialının hər bir əməkdaşına, o cümlədən rəhbər işçisinə il ərzində verilən mükafatın həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin ümumi məbləğinin 2 mislindən artıq olmamalıdır.

ENA.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Qərara əsasən, Azərbaycan banklarında aparılan mükafatlandırma prosesinə dair tələblər də müəyynləşib. Sənədə əsasən, hər bir bankda onun risklərin idarə olunması siyasətinə müvafiq olaraq mükafatlandırma siyasəti müəyyən edilir. Mükafatlandırma siyasəti ən azı aşağıdakı prinsiplər əsasında formalaşdırılmalıdır:

- bankın strateji hədəflərə nail olmasına yönəldilməli;

- bankın uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı;

- bankın risk iştahasına adekvat olmalı və izafi risk qəbulu məhdudlaşdırmalı;

- bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə yönəlməməli;

- bankın əməkdaşına verilən mükafatın həcmi bankın əməkdaş ilə bağlı müəyyən etdiyi kəmiyyət və keyfiyyət göstəricilərinin (məsələn, kreditlərin verilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşının iştirakı ilə verilən kreditlərin müddəti, kreditlərin verildiyi sektor, əməkdaşın iştirakı ilə verilən kredit portfelinin konsentrasiyası və portfel üzrə qeyri-işlək kreditlərin həcmi, borcalanın sektorda mövqeyi və s.) yerinə yetirilmə səviyyəsinə əsasən müəyyən edilməlidir;

- bank əməkdaşları və idarəetmə orqanları üzvlərinin əməyinin ödənilməsi mükafatlardan asılı olmamalıdır.

Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:

-  bankın rəhbərliyi (bu kateqoriyaya Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri aiddir);

- bankda risk-əsaslı fəaliyyətlə məşğul olan bank əməkdaşları və belə struktur bölmələrin rəhbərləri (bu kateqoriyaya bankın daxili nəzarət, risklərin idarə edilməsi və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir);

- bankın 90 gündən çox gecikmiş kredit tələblərinin geri ödənilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşları (bu struktur bölməyə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşlar istisna olmaqla);

- bankın digər əməkdaşları.

Bu Standartlarda nəzərdə tutulmuş hər bir əməkdaşa, idarəetmə orqanının üzvünə (bu Standartların 1 saylı Əlavəsi nəzərə alınmaqla) il ərzində verilən mükafatların ümumi həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 (iki) mislindən artıq olmamalıdır. Muzdu bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında bölüşdürülməmiş mənfəətin faizi şəklində müəyyən olunan Müşahidə Şurasının üzvünə mükafat verilmir. Mükafatın həcmi və ödənişi bu Standartlarda qeyd olunmuş prinsiplər ilə yanaşı aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

-  mükafatın öncədən müəyyən edilmiş və təxirə salınmış hissəsinin ödənilməsi bankın kapital adekvatlığı və likvidlik göstəricilərini ən azı 25 faiz pisləşdirdikdə ödənilməməli;

- mükafatın ödənişi bankın uzunmüddətli dövrdə kapital dayanıqlığına mənfi təsir etməməli.

Bu Standartlara müvafiq olaraq bankın rəhbərliyinə aid olan şəxslərin mükafatlandırılmasında ən azı aşağıdakı tələblər nəzərə alınmalıdır:

- mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir. Bu zaman bank maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Palatanın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır;

- həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə bankın qeyri-işlək aktivlərinin bankın məcmu aktivlərinə nisbəti göstəricisi (NPAB) ilə bank sektorunun qeyri-işlək aktivlərinin bank sektorunun məcmu aktivlərinə nisbəti göstəricisinə (NPAS) görə bankın bu Standartlarda nəzərdə tutulan rəhbərliyinə mükafatın ödənişi bu Standartların 1 saylı Əlavəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir;

-bankın səhmləri ilə ödənilən mükafatlar istisna olmaqla mükafatın ən azı 50 faizinin ödənişi təxirə salınır və növbəti üç il ərzində bərabər hissələrlə ödənilir;

- hər hansı növbəti maliyyə ilinin nəticələrinə görə bank zərərlə işlədikdə, məcmu kapitalın minimum miqdarı, hesablanmış kapital adekvatlığı əmsalı və ya aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar ilə bağlı Palatanın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda və ya səhmdarların ümumi yığıncağının bankın mənfəət hədəflərinin azalmasına dair qərar qəbul etdiyi hallar istisna olmaqla, əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25 faizindən az olduqda, habelə NPAB göstəricisi NPAS göstəricisinin 125 faizindən çox olduqda mükafatın təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsinin ödənişi həyata keçirilmir. Növbəti maliyyə ilində (illərində) bu hallar aradan qaldırıldıqda təxirə salınmış mükafatın həmin il üçün nəzərdə tutulmuş hissəsi ödənilir;

- mükafatın təxirə salınmış hissəsi üzrə faizin hesablanması nəzərdə tutulduqda, faiz ödənişləri mükafatın ödənilməsi barədə qərarın qəbul edilməsi tarixinə qorunan əmanətlər üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsinin yuxarı həddini keçməməlidir;

- mükafatın istənilən formada təxirə salınmış hissəsi bank qarşısında öhdəliklər üzrə təminat qismində qəbul edilmir;

-  bank rəhbərliyinə aid olan şəxslər tutduğu vəzifələrindən kənarlaşdırıldıqda və ya azad olunduqda mükafatın təxirə salınmış hissəsinin ödənişi bu Standartların şərtlərinə uyğun həyata keçirilir.

Bankın rəhbərliyinə aid olan şəxslərə ödənilən mükafatlar üzrə bu Standartlarda nəzərdə tutulmuş bütün şərtlər səlahiyyətli idarəetmə orqanının mükafatlandırmaya dair qərarında öz əksini tapmalıdır.Bank əməkdaşlarına ödəniləcək mükafatın həcmi yoxlanılan struktur bölmənin fəaliyyətindən asılı olmamalı, habelə bu əməkdaşların müstəqilliyinə xələl gətirməməlidir.

Bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə aşağıdakı hallarda mükafat, o cümlədən onun təxirə salınmış hissəsi verilmir:

-  Mərkəzi Bankdan sonuncu instansiya kreditoru qismində kredit almış bankda kredit üzrə öhdəliklər tam yerinə yetirilənədək;

-  Palatanın banka qarşı xüsusi ehtiyatların yaradılması, kapitalın artırılması və ya kapital adekvatlığı əmsalının pozulması hallarının aradan qaldırılması barədə məcburi göstərişi olduqda, həmin göstəriş bank tərəfindən tam icra olunanadək;

-  “Bank inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydası”na müvafiq olaraq tutduğu vəzifədən azad edilməsi barədə Palata tərəfindən sanksiya tətbiq edildikdə.

Bankın rəhbərliyinə hər il üçün (təxirə salınmış mükafatlar istisna olmaqla) mükafatın verilməsi və onun həcmi barədə qərar Səhmdarların ümumi yığıncağı tərəfindən, digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar isə Müşahidə Şurası tərəfindən təsdiq edilir. Mükafatlandırma üzrə qərarın surəti qərar qəbul edildiyi tarixdən 30 gün müddətinə Palataya təqdim edilir. Bank tərəfindən il ərzində və illik nəticələrə əsasən mükafatların həcmi (hər bir şəxs üzrə mükafatın həcmi göstərilməklə) barədə hesabat hər növbəti ilin iyul ayının 7-dək  Palataya təqdim edilir. Bank tərəfindən dividend ödənişi Palatanı bu barədə qərar qəbul edilən tarixdən ən geci 5 iş günü müddətində məlumatlandırmaqla həyata keçirilir.

Xarici bankın yerli filialının hər bir əməkdaşına, o cümlədən rəhbər işçisinə il ərzində verilən mükafatın həcminin ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin ümumi məbləğinin 2 mislindən artıq olmaması şərti istisna ilə, xarici bankın yerli filialında mükafatlandırma, o cümlədən mükafatın ödənilməməsinə dair tələblər Azərbaycan bankları üçün müəyyənləşdirilmiş tələblərlə eynidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department