Sosial iqtisadiyyat

Bu məhsullar idxal gömrük rüsumundan - AZAD EDİLDİ

Azərbaycana gətirilən polistirol sopolimeri və qətran idxal gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib. Eyni zamanda dəyişiklik Azərbaycana idxal polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları ilə də bağlıdır. Belə ki, dəyişikliyə əsasən, polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları da idxal gömrük rüsumundan azad edilib.

Qeyd edək ki, polistirol benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen alüminium xloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımı formaya salınır.

Polistirol kütlə və ya köpüklü plastik kimi istifadə olunur. Ondan tökmə sənayesində modellər hazırlanır, üyüdülmüş halda içlik materiallarına da daxil edilir. Bundan əlavə, polistiroldan avtomobil, radotexnika, məişət texnikasının hazırlanmasında geniş istifadə olunur. Həmçinin kauçuk və digər plastik kütlələrlə qarışıq şəklində də tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department