Azərbaycan ABŞ-a mebel ixracına başlayır
Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb və ilkin olaraq bu ölkəyə ildə 3 min mebel dəsti göndəriləcək.
Bunu “ Balaxanı Sənaye Parkının rezidenti olan “Foriella” MMC-nin rəhbəri Fərman İslamlı deyib.
"İlkin olaraq ABŞ-ın “Betax” şirkəti ilə əməkdaşlığa başlayırıq. Bu il ilk partiya bir konteyner yükləmə həyata keçirilir. Özəlliklə yataq mebelləri olacaq. Artıq ikinci şirkətlə də anlaşma imzalanıb”, - şirkət rəhbəri bildirib.
F.İslamlı hesab edir ki, Azərbaycan məhsulu digər ölkələrin məhsullarından daha ucuz başa gəlir: “Betax”la illik dövriyyə miqdarı minimum 500 min ABŞ dolları civarındadır. İkinci şirkətlə də bu rəqəm eyni həcmdə olacaq. Yüklər Bakıdan Poti limanına oradan isə konteynerlər vasitəsi ilə Filadelfiya və Nyu-Yorka limanlarına göndəriləcək. Mebellər əsasən Nyu-Cersi və Nyu-York şəhərlərinə gedəcək. Yataq, qonaq mebellərindən və stol-stuldan ibarət olan yüklərin çatdırılması 30-45 gün çəkir.
Hazırda həmin şirkətlər bu məhsulların bir hissəsini Çindən və Şərqi Avropadan təmin edirlər. Biz nümunə göndərdikdən sonra onlar həm keyfiyyət, həm də qiymət münasibliyinə görə əməkdaşlığa razı oldular. Göndərdiyimiz məhsullar digərlərinə nisbətən 5%-dək daha ucuz başa gəlir.
Bundan əlavə biz Gürcüstan və Qazaxıstana da ümumilikdə illik 400 min dollarlıq məhsul ixrac edirik. Əgər ABŞ-ın ikinci şirkətinə də ixraca başlasaq illik təxminən 1,5 mln dollarlıq ixrac həyata keçirəcəyik. Amma bundan artığını reallaşdırmaq üçün isə mövcud potensialı genişləndirməliyik. Planımızda var ki, gələn ilin ortalarından başlayaraq istehsalımızı genişləndirək”.
Qeyd edək ki, ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Bu istehsal sahəsinin yaradılmasına 4 mln manat investisiya yatırılıb [Sahibkarlığın İnkişaf Fondunun kreditin nəzərə alınmaqla] və hazırda burada 170-dən artıq insan çalışır.