Avtomobillərin onlayn hərracı keçiriləcək - AZƏRBAYCANDA İLK
Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq.
"Bİ" xəbər verir ki, bunu “Audatex Azerbaijan” şirkətinin rəhbəri Zakir Kərimzadə deyib.
Onun sözlərinə görə, şirkət 29 ölkədə fəaliyyət göstərən “Autoonline” nəqliyyat vasitələrinin hərracı sisteminə qoşulacaq:
“Bu, qapalı hərracdır. Saytda korporativ müştərilərin və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib fiziki şəxslərin avtomobilləri satışa çıxarılacaq”.
Z.Kərimzadə qeyd edib ki, hərraca sığorta şirkətlərinin avtomobilləri, bankların, eləcə də avtoparkı yeniləmək qərarı almış icarə xidmətlərinin avtomobilləri çıxarılacaq:
“Müştərilər digər iştirakçıların təkliflərini görməyəcək. Təkliflərdən asılı olaraq satıcı avtomobili satmaq qərarı verir”.
Onlayn hərracın üstünlüklərindən danışan Z.Kərimzadə bildirib ki, bu, ilk növbədə şəffaflığı təmin edəcək.
O, əlavə edib ki, pilot layihə müştərilərin biri ilə işə salınacaq və ilk mərhələdə müxtəlif markalı 15 avtomobil hərraca çıxarılacaq.