Sığorta

Sığorta haqlarının yarısından çoxu 2 şirkətin kassasına daxil olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış 568,368 milyon manat sığorta haqqının 370,47 milyon manatı və yaxud 55,9%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 209,227 milyon manat (36,8%) və 108,243 milyon manat (19%) sığorta haqqı toplayıblar.

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 41,414 milyon manatlıq (7,3%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 39,157 milyon manatlıq (6,9%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 5-ci yerdə isə 28,577 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 426,618 milyon manat təşkil edib ki, bu da bazarın 75,1%-i deməkdir.

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (197 min manat), "Amrah Sığorta" (395 min manat) və "Bakı Sığorta" (709 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,301 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,2%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin yığımları isə 1-23 milyon manat arasında dəyişir və onların bazar payı 140,449 milyon manat və yaxud 24,7%-dir. 

ÖDƏNİŞLƏRİN 51,5%-İ 2 ŞİRKƏTİN PAYINA DÜŞÜB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 168,581 milyon manatlıq sığorta ödənişlərinin 51,5%-i və yaxud 96,151 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 58,998 milyon manat (31,6%) və 37,153 milyon manat (19,9%) ödəniş ediblər. 

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 14,724 milyon manatlıq (7,9%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 12,558 milyon manatlıq (6,7%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 11,347 milyon manatlıq (6,1%) göstərici ilə "Qala Həyat Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 134,78 milyon manat təşkil edib ki, bu da bazarın 72,1%-i deməkdir.

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (51 min manat) və "Bakı Sığorta (156 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 210 min manat təşkil edib ki, bu da cəmi 0,1%-lik pay deməkdir.

Qalan 13 sığorta şirkətinin ödənişləri 51,922 milyon manat və yaxud bütün ödənişlərin 27,8%-i qədərdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)