Agentlik antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarladı - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.
Agentlikdən “Marja”ya verilən məlumatda bildirilir ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb.
"Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.
Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.
Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.
Vətəndaşlardan bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur",- məlumatda deyilir.