Aqrar Kredit və İnkişaf Agentliyi borclara zəmanət məktubu verəcək: Yeni qaydalar
2020-ci ildən Fermerlərə subsidiyaların verilməsini, habelə Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçiriləcəkdir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası"nda bildirilir.
Qaydalarda qeyd edilib ki, Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verir.
Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılır. Yaradılacaq Şurada Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 nəfər təmsil olunacaq.
İctimai əsaslarla fəaliyyət göstərəcək Şuraya rəhbərliyi kənd təsərrüfatı naziri həyata keçirəcək. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olacaq. İclasda, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul ediləcək. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilməyəcək. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici olacaq.
Şura əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi, məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi, toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi kimi səlahiyyətlərə malik olacaq.