Sənaye

SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

ENA” Türkiyə KİV-inə istinadən xəbər verir ki, yeni şirkətin rəhbərliyinə Gunter Seymus təyin edilib.

Onun SOCAR-ın Türkiyə və digər ölkələrdəki şirkətlərində 10 ildən çox çalışdığı, 2016-cı ilin may ayından “SOCAR Turkey”də müşavir olduğu bildirilib.

Qeyd edək ki, iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” ve “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri bu ilin yanvar ayında imzalanıb.

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan "EWE Turkey Holding" 2017-ci ilin sonundan etibarən, təxminən, 2,4 mlrd. TL-lik dövriyyəyə nail olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)