Avtomobil

Putinin limuzinini istehsal edən müəssisəyə azərbaycanlı rəhbər seçildi

“Kortej” layihəsi çərçivəsində prezident limuzinləri istehsal edən “Aurus” şirkətinə bundan sonra soydaşımız Adil Şirinov rəhbərlik edəcək. Adil Şirinov  bu vəzifəyə təyin edilənə qədər “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodun (UAZ) baş direktoru vəzifəsində çalışırdı.

“2019-cu il iyunun 1-dən etibarən  “Aurus ” şirkətinin baş direktoru  Gerxard  Hilqerti bu vəzifədə Adil Şirinov əvəz edir. Adil Şirinov Rusiyada avtomobil sənayesi sahəsinin ən yaxşı mütəxəssislərindən biridir, onun peşə təcrübəsi və bilgiləri “Aurus” brendinin inkişafını növbəti mərhələyə yüksəldəcək”,-deyə Rusiya Sənaye Ticarət Nazirliyinin yaydığı məlumatda bildirilir.

Öz növbəsində Adil Şirinov qeyd edib ki, “Aurus” ailəsinə qoşulmaq onun üçün böyük şərəfdir: “Hesab edirəm ki, “Aurus”un yeni brendinin yaradılması layihəsi çərçivəsində nəhəng işlər görülüb, bu sahədə peşəkar komanda yaradılıb. Bu komanda yeni , müasir avtomobillərin istehsalı üzrə hər cür yeniliyi əldə etməyə və öyrənməyə qadirdir. Qarşımızda yeni “lüks” sinif  rus avtomobillərinin istehsalı və dünyada bu bazarın inkişaf etdirilməsi kimi mühüm vəzifə dayanır”, - deyə Şirinov bildirib.

Qeyd edək ki, 2017-ci ildə “Ford Sollers” müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub. O, “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib. 

1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var. O, 1990-cı ildən avtomobil sənayesində çalışıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)