Azərbaycan kənd təsərrüfatı məhsullarını yeni brend adı altında xaricə ixrac edəcək
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC Azərbaycan məhsullarını ixrac etmək üçün yeni brend hazırlayır.
Bu barədə şirkətin rəhbəri Leyla Məmmədova bildirilib.
Onun sözlərinə görə, kiçik və orta fermerlərə dəstək məqsədilə yaradılmış “Kənddən şəhərə” markası ölkə üçün nəzərdə tutulub: “Çünki həmin məhsulları kiçik və orta fermerlər hazırlayırlar. Bu isə ölkəyə yetəcək qədərdir. İxrac üçün kifayət qədər çox deyil. Biz ona görə yeni brend yaradırıq, hədəfimiz Rusiya və Gürcüstan bazarıdır. Yeni marka beynəlmiləl adını daşıyacaq”.
L.Məmmədova vurğulayıb ki, Gürcüstanda çay və quru meyvələrin satışını düşünürük: “Gürcüstanın satış kanalları ilə bununla bağlı danışıqlar aparırıq. Rusiyada isə bal, quru meyvə, noxud məhsullarının satışını planlaşdırırıq. Rusiyada quru meyvələrə böyük maraq var”.
Xatırladaq ki, "Dövlət Aqrar Ticarət Şirkəti" 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahını artırılmasına xidmət etməkdir.