Bank

"Nikoil Bank"ın vəzifəli əməkdaşlarının - MƏHKƏMƏSİ BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almada təqsirləndirilən “Nikoil” bankın filialın müdiri Ruslan Talıbov, filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov, Vüsal Quliyev, Elçin Məmmədov, Rauf Əliyev, Məmməd Qurbanov, Orxan Əlişov, Zahir Abbasov, Zaur Ramazanov və Fərid Məlikovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"ENA" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Cinayət işində 45 zərərçəkmiş var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)