Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
Mayın 19-u gündüzdən 20-si səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Əvvəlcədən xəbər verildiyi kimi, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, rayonlarda bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.
Ən çox düşən yağıntının miqdarı: Oğuzda 44 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 mm (39 faiz), Zaqatalada 33 mm (26 faiz), Xınalıqda 25 mm, İsmayıllıda 22 mm, Göyçayda 21 mm (34 faiz), Qəbələdə 19 mm, Sarıbaşda (Qax) 18 mm, Xaltanda 15 mm, Qırızda 13 mm, Naftalanda 12 mm qeydə alınıb. Digər rayonlarda 1.0-8.0 mm olub.
Külək: Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.
Dolu: Şəkinin Əyriçay məntəqəsində diametri 34 mm, Dəhnə kəndi Acınohur və Sarıbaş kəndində saat 00:00 radələrində diametri 16 mm, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20 mm, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən, dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.