Miqrasiya Məcəlləsinə dəyişiklik edilir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
"ENA.az" xəbər verir ki, komitə sədri Əli Hüseynli deyib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.
Onun sözlərinə görə, bu saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək.
Ə.Hüseynli qeyd edib ki, Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək: “Ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır”.
Layihə barədə məlumat verən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib: “Hazırkı dəyişiklik layihəsi isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur”.
Müzakirələrin sonunda gündəlikdəki məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.