İnvestisiya şirkətlərinin məcmu xalis mənfəəti 2 dəfədən çox artıb
Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin 2018-ci ildə məcmu əməliyyat gəlirləri 10,053 milyon manat təşkil edib.
“ENA.az” xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 39,2% çoxdur.
Hesabat ilində şirkətlərin məcmu əməliyyat xərcləri isə 43,2% artaraq 8,09 mln. manat olub. Onlardan 5-nin gəlirləri, 6-nın isə xərcləri artıb. 1 şirkət (“BTB Kapital İnvestisiya Şirkəti” ASC) bazara yeni daxil olduğu üçün gəlir və xərclərinin, eləcə də digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Son nəticədə ötən ilin yekununda investisiya şirkətlərinin əməliyyat mənfəəti 1,963 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 24,5% çoxdur. 5 şirkət əməliyyat mənfəəti əldə edə bilib.
Hesabat dövründə şirkətlərin digər gəlirləri isə 799 min manat olub (bundan əvvəl 148 min manat digər xərclər olmuşdu).
Beləliklə, 2018-ci ildə investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 2,762 milyon manat təşkil edib ki, bu da 2017-ci ilə nisbətən 93,2% çoxdur. Ötən il şirkətlər əvvəlki illə müqayisədə 43,3% çox – 590 min manat mənfəət vergisi ödəyib. Bununla da, 2018-ci ildə investisiya şirkətlərinin məcmu xalis mənfəəti 2,172 milyon manat olub ki, bu da 2017-ci ilə nisbətən 2,1 dəfə çoxdur.
Maliyyə qurumlarından 6-sı ötən ili mənfəətlə, 2-si isə zərərlə başa vurub. 5 şirkətin mənfəəti artıb, 1 şirkətin ("Unicapital İnvestisiya Şirkəti" ASC) mənfəəti azalıb, 1 şirkətin ("Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC) isə zərəri azalıb.