A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Əldəetmə xərcləri

Sözün izahı

 

Sığorta haqqı məbləğinin sığorta müqaviləsinin bağlanmasına sərf olunmuş hissəsi.

Misal: Sığortaçı ay ərzində mənzillərin sığortalanması üzrə 100.000 manat dəyərində müqavilələr bağlamışdır. Sığortaçının bu müqavilələri bağlaması ilə əlaqədar çəkdiyi aşağıdakı xərclər əldəetmə xərcləri adlanır: müştəri ilə danışmaq və müqaviləni bağlamaqla əlaqədar işçilərin və ya sığorta agentlərinin sərf etdikləri əməyə görə əmək haqları və ya komisyon muzdlar– 800 manat, mənzil sığortasının reklamı üçün çəkilmiş xərclərin müvafiq hissəsi – 200 manat, müştərilərlə görüşə getmək, təqdimatlar keçirmək və s. zamanı nəqliyyat vasitələrindən istifadə ilə bağlı xərclər – 300 manat. Beləliklə, 100.000 manat dəyərində sığorta müqavilələrinin əldə edilməsi üçün 1500 manat xərclənmişdir. Deməli orta hesabla 100 manat dəyərində olan bir sığorta müqaviləsinin bağlanması üçün əldəetmə xərcləri 1 manat 50 qəpik təşkil etmişdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının qanunvericiliyində”əldəetmə xərcləri”nin anlayışı verilməmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 921.1:

Sığorta müqaviləsinə… sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin… qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi,

maddə 108:

Bu fəsilə (Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr) uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh 4:

Əldəetmə xərcləri (eng.-acquisition cost)– sığorta biznesinin həyata keçirilməsinə sərf olunan sığorta haqqının hissəsi; bu agent komisyonunu, şirkətin sahə xərclərini və digər əlaqəli xərcləri ehtiva edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.21:

Əldəetmə xərcləri –sığorta müqavilələrinin bağlanmasından irəli gəlir və a) əldəetmə və yeniləmə üzrə komisyonu, b) sığorta sənədlərinin tərtib edilməsi və ya sığorta müqaviləsinin portfelə daxil edilməsi xərclərini(birbaşa xərclər), eyni zamanda reklam xərclərini və ya təkliflərin verilməsi, yaxud müqavilələrin buraxılması xərclərini (birbaşa olmayan xərcləri) ehtiva edir.

Tulinov V.V., Qorin V.S. “Sığorta və risklərin idarə edilməsi” Terminoloji lüğət, Moskva, “Nauka”-2000:

Əldəetmə xərcləri (рус.-стоимость приобретения)– …sığorta əməliyyatlarında: Həyata keçirilən əməliyyatların qeydiyyatının aparılması ilə birbaşa bağlı olan xərclər; sığortaçının sığorta müqaviləsinin bağlanmasına hazırlıq prosesi və yeni sığorta müqavilələrinin rəsmiləşdirilməsi üzrə çəkdiyi xərclər. Bu qrupa reklam xidmətlərinə çəkilən xərclər, agent və brokerlərə ödənilən komisyon muzdlar, həyat sığortası üzrə müraciət etmiş şəxsin tibbi müayinəsi, sığorta riskinin qiymətləndirilməsi və s. xərclər aid edilir…

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 131.2:

… sığortaçı sığorta haqqının sığorta müqaviləsinin qurtarmamış müddətinə müvafiq olan hissəsini əldəetmə xərclərini çıxmaqla qaytarmalıdır.