A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Subroqasiya

Sözün izahı

Sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi.

Misal:

Avtomobilini sığorta etdirmiş şəxs yol-nəqliyyat hadisəsinə məruz qalır və hadisənin iştirakçısı olan digər sürücünün təqsiri üzündən sığortalanmış avtomobilə 800 manat məbləğində zərər dəyir. Şəxs sığortaçıya müraciət edir və sığortaçıdan 800 manat sığorta ödənişi alır. Sığortaçı sığorta ödənişini verdikdən sonra ödədiyi məbləği yol-nəqliyyat hadisəsində təqsirli olan sürücüdən tələb etmək hüququ əldə edir. Şəxsdən həmin təqsirli sürücüyə qarşı bu cür tələb irəli sürməsi hüququnun sığortaçıya keçməsi subroqasiya adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 936.1:Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

maddə 936.2:Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

«Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli Qanunu, maddə 8, bənd 5:

Nəqliyyat vasitəsi sahibinin cinayət törətmək qəsdi ilə, habelə sığorta müqaviləsinin şərtlərini pozmaqla üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərər sığortaçı tərəfindən ödənildikdə o, sığorta ödənişinin məbləğini həmin nəqliyyat vasitəsinin sahibindən subroqasiya qaydasında alır.

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.10:

Subroqasiya (eng.–subrogation)– sığortaçının zərər vuran üçüncü tərəflərdən aldıqları hesabına bərpa etdiyi vəsait.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 63:

Subroqasiya —sığorta şirkətinin sığorta ödənişi verdiyi sığortalının hüquqlarını əldə etməsi kimi hallarda borcun alınması və ya tələbin irəli sürülməsi hüququnun bir şəxsdən digərinə keçməsi.