Hesabatlar

"AmrahBank" normativləri ödəməyən göstəriciləri ilə "hara gedir"? – TƏHLİL   

“AmrahBank” Azərbaycanda işləyən banklar üçün nəzərədə tutulan bəzi normativləri ödəmir və bu bankın səhmdarları 2019-cu ilin birinci rübündə də bankın sağlamlaşdırılması, əlavə kapital yatırılması istiqamətində heç bir addım atmadı.

Səhmdar kapitalı 6 milyon 981 min manat azalıb

ENA.az bankın göstəricilərini təhlil edərək, birinci rübdəki vəziyyəti ilə bağlı bəzi rəqəmləri oxucularına təqdim edir. 
İlk növbədə bankın vəziyyəti ilə bağlı məlumatlar onun müştəri depozitlərinə çox mənfi təsir göstərib. Bankın müştəri depozitlərinin həcmi 18 milyon 631 min manat azalıb. Səhmdar kapitalında 6 milyon 981 min manat azalma baş verib, nəticədə maliyyə əməliyyatlarında istifadə edilən pul vəsaitinin həcmi də bu qədər azalıb. Dövrün əvvəlinə pul vəsaitlərinin həcmi 14 milyon 916 min manat olduğu halda, 2019-cu il 31 mart tarixinə bu rəqəm 6 milyon 117 min manata düşüb. 
   

71,8% azalma

Bankın balans hesabatına görə, cəmi aktivləri 202 milyon 122 min manat təşkil edib ki, bu göstəricidə illik müqayisədə 1,9% azalma deməkdir. Aktivlərin 107 milyon 458 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Bu isə aktivlərdə 53,1% pay tutur. Bankın kredit portfeli illik müqayisədə 20% artıb. Aktivlərin azalmasının əsas səbəbi nağd vəsaitləri illik müqayisədə 61% azalaraq 6 milyon 117 min manat, Mərkəzi Bankda qalıq vəsaitlər və nostro hesabların həcmi 71,8% azalaraq 1 milyon 112 milyon manata düşməsidir.

Zərərlə işləyir

“AmrahBank”ın mənfəət-zərər hesabatına əsasən, bankın faiz gəlirləri 3milyon 31 min manat , faiz xərcləri 3 milyon 18 min manat, qeyri-faiz gəlirləri 1 milyon 242 min manat , qeyri-faiz xərcləri 3 milyon 286 min manat olub. İllik müqayisədə bankın faiz gəlirləri və xərclərində artım, qeyri-faiz gəlir və xərclərində azalma müşahidə olub. “AmrahBank”ınXarici valyuta əməliyyatları üzrə xalis gəlirlər illik müqayisədə 37,6% azalaraq 467 min manat olub.
 Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 335 min manat ehtiyat yaradıb . Nəticədə Bank rübü 1 milyon 695 min manat zərərlə başa vurub. Bankın zərəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,5% azalıb.

Məcmu kapital adekvatlığı azalıb

 “Amrah Bank”ın cəmi öhdəlikləri 14,3% artaraq 184 milyon 293 min manat olub. Bankın depozit portfeli illik müqayisədə 16,2% artaraq 165 milyon 299 min manat təşkil edib.

 2019-ci ilin birinci rübündə Bankın cəmi kapitalı 17 milyon 829 min manatdır.

Artıq uzun bir müddətdir ki, “AmrahBank” zərərlə işləyir. Bununda nəticəsində bankın kapitalı kəskin azalıb. Belə ki, bankın məcmu kapital 13 milyon 210 min manat və məcmu kapitalının adekvatlığı 6,18% -dir ( norma 10%). Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara qoyduğu tələbi isə məcmu kapitalının minumum məbləği 50 milyon manatdır.  Bu məsələ bankın bağlanma riskini artırır. 

Qeyd edək ki, "Amrahbank" Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39,844 milyon manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department