Elm və Texnologiya

“Bakcell”dən “099”la bağlı - AÇIQLAMA

Dünən sosial şəbəkələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumatlar yayılıb. 

Məlumatı dəqiqləşdirmək üçün həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, həm də "Bakcell"ə müraciət edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan məlumatda qeyd olunub ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır. Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin respublikanın mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və ölkənin nömrələnmə planı nəzərə alınır.

​ “Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olub. Hazırda yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq.

"Bakcell"dən bildirilib ki, Bakcell şirkəti 2016-ci ildən başlayaraq yeni nömrə prefiksinin (099) ayrılması üçün dəfələrlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Azərbaycanın ilk mobil operatoru olmasına və rəqiblərinin artıq uzun müddətdir ki, iki prefiksə sahib olmasına baxmayaraq “Bakcell”in ikinci prefiksi və əlavə nömrə resurslarını əldə etməsinə süni maneələr yaradılıb.

Şirkət, yaradılan maneənin aradan qaldırılması və müvafiq prefiksin (099) ayrılmasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Xidmətin 14 iyun 2019-cu il tarixli Göstərişində “Bakcell” MMC-nin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş dövlət inhisarçılığının qarşısının alınması və aradan qaldırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “099” kodu ilə başlayan nömrə resurslarının qanunvericiliyə uyğun şəkildə “Bakcell” MMC-yə ayrılması tələb olunur.

Buna baxmayaraq, Nazirlik Antiinhisar Xidmətinin göstərişinə məhəl qoymayıb və yalnız rəqib mobil operator olan “Azercell” şirkətinə “010”la başlayan üçüncü prefiksin verilməsindən sonra “Bakcell”ə “099” prefiksinin ayrılması haqqında məktub göndərib. Lakin indiyə kimi qeyd olunan prefiksin ayrılmasına dair müqavilə Nazirlik tərəfindən müxtəlif bəhanələrlə gecikdirilir. Bununla da “Bakcell” şirkətinə qarşı haqsız rəqabətin dəstəklənməsi və şirkətin hüquqlarının pozulması davam etməkdədir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)