Sosial iqtisadiyyat

Əmək müqaviləsi hazırlanarkən nələrə diqqət edilməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qax rayonunda işəgötürənlər üçün "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən verilən məlumata görə, seminarda bildirilib ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanması və hüquqi qüvvəyə mindikdən sonra işçi ilə işəgötürən arasındakı münasibətlərin tənzimlənməsi mövcud qanunvericilik aktları çərçivəsində həmin müqavilə ilə tənzimlənir. Əmək müqaviləsi bağlanarkən işçi və işəgötürənin hüquq və vəzifələri müqavilə ilə müəyyən edilmiş normalara əsasən müəyyən edilir. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir.

Seminarda, həmçinin, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə əlaqədar çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələnir.

Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanılıb, iştirakçıların sualları cavablandırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)