Sosial iqtisadiyyat

Azərbaycan-Gürcüstan sərhədində yenə də sıxlıq yaranıb - FOTO

Azərbaycan-Gürcüstan sərhədində, Gürcüstan tərəfdəki buraxılış məntəqəsində sıxlıq yaranıb.

ENA.az xəbər verir ki, sıxlıq sosial şəbəkələrdə yayılan fotolarda da öz əksini tapıb. 

İddiaya görə, buna Azərbaycan Dövlət Gömrük Komitəsinin sistemində yaranan problem səbəb olub.

Məsələ ilə bağlı Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov saytımıza bildirib ki, “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsində heç bir sıxlıq yoxdur və sistemdə heç bir problem yaşanmayıb:

“Sadəcə olaraq yay mövsümündə, xüsusən istirahət günlərində Gürcüstan-Azərbaycan sərhədində qısamüddətli gözləmə olur. Sosial şəbəkədə yayılan şəkillər isə gömrük-sərhəd buraxılış məntəqəsinin Gürcüstan tərəfində lentə alınıb”.

N.Axundov qeyd edib ki, yay mövsümündə, xüsusən istirahət günlərində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında yarana biləcək artımı nəzərə alaraq gömrük sərhəd buraxılış məntəqələri daim gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.

Xatırladaq ki, bundan əvvəl “Mazımçay” gömrük postunun işində problem yaranmışdı. Burada giriş-çıxışların bağlanmasına və sıxlığın yaranmasına internet xəttinin kəsilməsi səbəb olmuşdu.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)