Sosial iqtisadiyyat

Azərbaycan Türkiyədən 600 yük vaqonu ala bilər

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TUDEMSAŞ) müəssisəsi AZərbaycan üçün  36 mln. dollar ümumi məbləğdə 600 yük vaqonu istehsal etməyə ümid edir.

“TUDEMAS Azərbaycan gətirilən EA tipli yük vaqonu bazasında Azərbaycan tərəfi üçün yeni vaqonların iki prototipini istehsal edib. Vaqonlar test sınaqlarından uğurla keçdikdən və zəruri avadanlıq əlavə olunduqdan sonra sifarişçiyə təslim ediləcək. Onların tədarükündən sonra Azərbaycandan iri həcmdə sifariş gözləyirik”, - Türkiyənin "Sabah" qəzeti şirkətin baş direktoru Mehmet Başoğluya istinadən məlumat verir.

Onun sözlərinə görə, yeni vaqonlar yalnız Azərbaycanla Türkiyə arasında istifadə üçün nəzərdə tutulur.

“Biz Azərbaycanın sifarişi ilə 600 analoji vaqon istehsal etməyi ümid edirik. Bu sazişin ümumi dəyəri  36 mln. dollar həcmində qiymətləndirilir”, - Başoğlu qeyd edib.

O, həmçinin məlumat verib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birlikdə Türkiyədə vaqon istehsalının təşkili məsələsi gündəmdədir. “ADY bu təkiflə çıxış edib. Biz öz tərəfimizdən birgə müəssisənin yaradılması üçün hərtərəfli dəstək göstərməyə hazırıq”, - Başoğlu vurğulayıb.

O bildirib ki, TUDEMAS-ın illik istehsal həcmi 700 vaqon təşkil edir.

TUDEMAS müəssisəsi 1939-cu ildə parovoz və yük vaqonlarının təmiri məqsədilə təsis olunub. 1953-cü ildə dəmir yolu nəqliyyatının inkişafı ilə bərabər yük vaqonlarının istehsalına başlayıb.

Hazırda şirkət yük və sərnişin vaqonlarının təmiri və yük vaqonları və istənilən növ ehtiyat hissələrinin istehsalı ilə məşğuldur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)