“4 yumurta, pendir və çaya 40 manat verdik” - MÜŞTƏRİ NARAZIDIR
Masallıya istirahətə gedən Bakı sakini “Viləş Palace Hotel”dəki qiymətdən narazı qalıb. ENA.az xəbər verir ki, Yusif Məhəmmədoğlu sosial şəbəkədə status yazaraq istirahət mərkəzinin vergidən yayındığını, müştərilərə qəbzin təqdim olunmadığını qeyd edib.
Eyni zamanda, o, 4 yumurta, 1 pendir və çay üçün 40 AZN ödədiyini bildirib: “Masallı rayonunda yerləşən “Viləş Palace” MMC- də, yəni el dili ilə desək Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta (1- i yeyilib), bir pendir və bir çaynik çay. Bu da edir 40 manat. Yediyimizə görə qəbz tələb etdik. Vermədilər və dedilər ki, otel yeməyə görə qəbz vermir. Deməli, bu da vergidən yayınmadır.
Sonra dedilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı deyirlər, uşaqlara pulsuzdur. Uşaqların anası da yeməyib.
3 yumurta ye və 40 manat ödə. Bəxtimiz orda gətirdi ki, biz orda nahar etmədik. Yəqin ki, 400 manat alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə, “Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa siz aldanmayın”.
***
“Viləş Palace Hotel”in rəhbəri Səlim Öztürk açıqlama verərək məsələyə aydınlıq gətirib. O, müştərinin ittihamları ilə razılaşmağını, sözügedən şəxsin oteldə problem yaratdığını bildirib:
“Bizdə dünən belə bir qonaq olub. Otelimizin böyük bir restoranı var ki, orada qalan qonaqlara 40-dən çox təam təqdim olunur. Kənardan gələn qonaqlar üçün səhər yeməyinin qiyməti böyüklər üçün 10 AZN, uşaqlar üçün isə pulsuzdur. Açıq bufetdir. Bakıda belə səhər yeməkləri 20-25 manat arasında dəyişir. Açıq bufetdə limit olmur, dünyanın hər yerində belədir. Siz tək bir yumurta, yaxud limitsiz şəkildə yesəz belə qiymət eynidir. Bizdə limit qoyulmur. Qonaq gəlib, təqdim olunan restoranda yox, israrla bayırda ağac altında oturmaq istədiyini bildirib. O halda bayırdan gələn qonaqlara belə qiymət qoymuşuq ki, onlar üçün ayrıca ofisiant ayırırıq. O, bufetə baxıb, səhər yeməyində təqdim olunan yeməklərdən xəbərdar olub. Özü isə yeyəcəyi yeməkləri seçib. Öz istəkləri ilə yeməklər gətirilib. Qiymətlə bağlı məlumat verilib, sonda isə həmin şəxs qəbz istəyib. Otelin daxili sistemi var. Buna uyğun olaraq qəbz təqdim olunub. Ancaq o, başqa qəbz istəyib. Eyni funskiyanı daşıyan mədaxil qəbzi verilib. Görünür ki, məqsədyönlü problem yaratmaq adına belə şeylər edilib”.
Otelin rəsmi səhifəsində də sözügedən xəbərlə bağlı məlumat yayılıb.