MALİYYƏ

Avropa Bankı Azərbaycanda fəaliyyətini genişləndirmək üçün istiqamətləri açıqlayıb

"Biz dünyada ən iri investisiya bankıyıq. Həmçinin bu vaxta qədər 64 mlrd avro məbləğində investisiya qoymuşuq ki, onun da yarısı özəl sektorun payına düşür". 

"ENA" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Avropa İttifaqı-Azərbaycan biznes forumunda çıxış edən Avropa İnvestisiya Bankının (EIB) korporativ diviziyasının sədr müavini Jan-Jasques Soulasrup(Jean-Jacques Soulacroup) deyib.

Jan-Jasques Soulasrup etiraf edib ki, Azərbaycanda fəaliyyətləri o qədər də qənaətbəxş deyil: "Biz çox böyük bankıq. Amma etiraf etmək lazımdır ki, bizim Azərbaycanda fəaliyyətimiz demək olar yoxdur. Hazırda iki əsas sahədə fəaliyyətimizi genişləndirməkdə maraqlıyıq. Birincisi təbii ki, maliyyə sektoru ilə bağlıdır. İkincisi isə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir". 

EIB-in şərtlərinə əsasən, maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 mln. ABŞ dollarından az olmamaq şərtilə) qarşılamalıdırlar. İstisna olaraq, enerji layihələri təşkil edir, onların 75%-ni bank dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro məbləğində kredit ayırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)