Sığorta

Məcburi dövlət sosial sığorta haqları ilə bağlı Konstutisiya Məhkəməsinin - QƏRARI

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 2.5-ci maddəsinin Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, məcburi dövlət sosial sığorta haqları ilə bağlı tələblərə baxılarkən məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Belə ki, bəzi hallarda həmin məsələlərə dair işlərə baxarkən məhkəmələr Mülki Məcəllənin bir sıra normalarını tətbiq edərək onların tələblərinə əsasən mübahisələri həll edirlər.

Müraciətedən hesab edir ki, sosial sığorta münasibətləri bir tərəfdən sığortaçı, digər tərəfdən sığortaedənlər və sığortaolunanlar arasında yaranmaqla inzibati hüquq xarakterlidir və ümumi (publik) hüquq sahəsinə aiddir. Bu səbəbdən də Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından həmin münasibətlərə mülki hüquq normalarının tətbiq edilməsi istisna edilir. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

Müraciətedənin qənaətinə görə, inzibati məhkəmə icraatı qaydasında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı işlərə baxılarkən Mülki Məcəllənin 2.5-ci maddəsinin tətbiqi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə həmin normanın şərh edilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı).

Bundan fərqli olaraq, mülki hüquq münasibətləri tərəflərin bərabərliyi və onların iradələrinin sərbəstliyinə əsaslanan hüquq münasibətləridir. Bu münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülki (xüsusi) və vergi, sosial-təminat (ümumi) hüquq sahələri ilə tənzimlənən əmlak münasibətlərinin səciyyəvi xüsusiyyətləri qeyd edilməlidir.

Mülki hüquqla tənzimlənən əmlak münasibətləri aşağıdakı xüsusiyyətlərlə səciyyələnir:

1) bu əmlak baxımından bir-birindən təcrid olan subyektlər arasındakı münasibətlərdir. Mülki hüquq münasibətlərində tərəflərdən hər birinin öz əmlakı var və o, digər tərəfin əmlakı üzərində sərəncam vermək səlahiyyətlərinə malik deyil;

2) tərəflərdən hər biri müstəqil olaraq, yalnız özünün sərbəst iradə ifadəsinə uyğun olaraq əmlakı üzərində sərəncam vermək səlahiyyətinə malikdir;

3) tərəflər bir-birinə münasibətdə bərabər vəziyyətdədir. Onlardan biri digərinin və onun əmlakı üzərində hər hansı hakimiyyətə malik deyil. Mülki hüquqla tənzimlənən münasibətlər subordinasiya deyil, koordinasiya münasibətləridir;

4) bu münasibətlər əsasən əvəzlidir, yəni bir qayda olaraq, mübadilə xarakteri daşıyır.

Yuxarıda göstərilən xüsusiyyətlər mülki hüququn tənzimlədiyi əmlak münasibətlərini hüququn digər sahələri tərəfindən tənzimlənən oxşar əmlak münasibətlərindən fərqləndirir. Məsələn, vergi münasibətləri də əmlak xarakterli olsa da, dövlətlə fiziki və ya hüquqi şəxs arasındakı şaquli, hakimiyyət-tabeçilik münasibətləri kimi çıxış edir. Məzmunu vergi qanunvericiliyinin müvafiq müddəalarına əsasən fiziki və hüquqi şəxslərə məxsus olan əmlakın dövlətin xeyrinə məcburi götürülməsindən ibarət olan vergi münasibətlərinə mülki münasibətlər üçün yuxarıda sadalanan xüsusiyyətlər, o cümlədən tərəflərin əmlak üzərində sərəncam sərbəstliyi, onların bərabərliyi, mübadilənin ekvivalentliyi və sair kimi xüsusiyyətlər xarakterik deyil.

Bu səbəbdən Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir.

Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından əhəmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir. Belə ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır.

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir.

Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir.

Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir.

Bununla belə qanunverici “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəasını Mülki Məcəllənin 2.5-ci maddəsində ifadə edərkən, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqini tam istisna etməmişdir. Bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Məsələn, Vergi Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department