Sığorta

Azərbaycanın sığorta bazarı kiçilməyə başlayıb

2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66.7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. 

Bu barədə "ENA"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.      

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301.4 milyon manat məbləğində sığorta haqları toplanmış və 78.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə toplanan sığorta haqları 12%, sığorta ödənişləri isə 15% azalıb.

Geriləmənin əsas səbəbi həyatın yığım sığortası (həyatın yaşam sığortası) üzrə toplanan sığorta haqlarının azalmasıdır. Maaşın bu sığortaya ayrılmasına 2019-cu ilin əvvəlindən tətbiq edilən məhdudiyyət bazarın geriləməsinə səbəb olur. Ötən ilin  ilk 4 ayında həyatın yaşam sığortası üzrə 96,7 milyon manat sığorta haqları toplanarkən, cari ilin eyni dövründə 59 milyon manat təşkil edib. 

Könüllü sığorta bazarı üzrə haqlar 176.2 mln. manat, ödənişlər isə 43.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub.

2018-ci ilin eyni dövründə könüllü sığorta bazarı üzrə haqlar 220.9 milyon manat, ödənişlər isə 56.9 milyon manat təşkil etmişdi.

İcbari sığortalar üzrə toplanan sığorta haqları isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% araraq 89 milyon 94 min manat təşkil edib. 

 

İCBARİ SIĞORTALARIN PAYI ARTIB

2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i  isə  icbari sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-aprel ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.3 faizi könüllü, 26.7 faizi isə icbari sığorta növlərinin payına düşmüşdü. Sığorta ödənişlərinin 72.5 faizi könüllü, 26.5 faizi isə icbari sığorta növləri hesabına formalaşmışdı.

2019-cu ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)