Hesabatlar

Dövlət Agentliyi əməliyyat zərərinə uğrayıb

Mənzil İnşaatı Dövlət Agentliyi 2018-ci ili 3 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Lakin bu gəlir əsas əməliyyatlardan əldə edilməyib. 

ENA” 2018-ci il üzrə Mənzil İnşaatı Dövlət Agentliyinin illik maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Agentliyin gəlirləri dövlət yardımından və maliyyə gəlirlərindən ibarət olub.

Ötən il Agentlik dövlətdən 1 milyon 379 min manat yardım alıb. Buna qarşı ümumi və inzibati xərclər 1 milyon 970 min manat təşkil edib, sair əməliyyatlar üzrə 16 min manat zərər yaranıb və nəticədə Agentliyin 608 min manat əməliyyat zərəri yaranıb.  Digər tərəfdən əldə edilmiş 4 milyon 371 min manat maliyyə gəlirləri əməliyyat zərərini bağlayıb. 748 min manat mənfəət vergisi ödənildikdən sonra Agentliyin 3 milyon 15 min manat xalis mənfəəti qalıb.

31 Dekabr 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi 103 milyon 313 min manat cəmi aktivlərə, 314 min manat cəmi öhdəliklərə və 100 milyon manat nizamnamə kapitalına malik olub. Aktivlərin təxminən 102 milyon manatını pul vəsaitləri təşkil edib. Bu Agentliyin maliyyə gəlirləri əldə etməsinin səbəbi bu pul vəsaitləridir.

Dövlət başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. 

Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

“MİDA” MMC 2018-ci ili 2 milyon 229 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 49,3% çoxdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)