Sənaye

Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib

Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib.

Şirkətdən bildirilib ki, mayın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstanın Ticarət və Sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə tərəflər Əfqanıstan ilə Azərbaycan arasında uzunmüddətli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Son illərdə Azərbaycanın neft məhsullarının Əfqanıstanın yanacaq bazarına idxal olunduğu bildirilib, dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əfqanıstanlı nazir ölkəsinin yanacaq bazarı ilə bağlı məlumat verib, idxalın şaxələndirilməsi məqsədilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını, SOCAR-ın Əfqanıstana idxal etdiyi neft məhsullarının çeşidinin, eləcə də həcminin artırılması ilə bağlı təkliflə çıxış edib.

Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan çox ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)