Sosial iqtisadiyyat

Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradıldı - FOTO

Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanının icrası olaraq, açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Dövlət Reklam Agentliyinin Apellyasıya Şurası yaradılıb.

Agentlikdən "ENA"ya verilən məlumata görə, Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında qurmaqla, sahibkarların müraciətlərinə operativ və obyektiv şəkildə baxan kollegial orqandır.

ADRA-da Şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən Şuranın və onun Katibliyinin üzvləri müəyyən olunub. 20 may 2019-cu il tarixdə Dövlət Reklam Agentliyində Şura sədrinin rəhbərliyi ilə Şuranın ilk iclası keçirilib, Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılıb və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti tapşırıqlar verilib.

Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)