Qeyri-Bank

"BOKT-lar kreditləşməni bölgələrdə bərpa edə biləcəklər" - AÇIQLAMA

"Problemli kreditlərin həlli ilə bağlı fərman bank olmayan kredit təşkilatlarına (BOKT) çox müsbət təsir etdi".

"ENA" xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib. O, bildirib ki, artıq kompensasiyaların verilməsinə başlanılıb: "İlin sonuna qədər BOKT-ların portfelində likvid vəsaitlər olacaq və bununla da, onlar kreditləşməni bölgələrdə bərpa edə biləcəklər. Eyni zamanda bu, beynəlxalq investorlar üçün də yaxşı bir mesajdır ki, artıq ölkədə problemli kreditlərin həllinə hökumət də dəstək verir. Cari ildə olmasa da, növbəti ildə onların əsas performans göstəriciləri müsbət nəticələrini hesabatlarında özünü göstərəcək. İnvestorlar üçün də maraqlı olacaq ki, kənd yerlərində işləyən BOKT-lara resurslar təqdim etsinlər. Əsas məsələ isə həmin resursların manat valyutasında təqdim olunmasıdır. Biz çalışırıq ki, xarici və yerli investorlar kredit xəttini məhz Azərbaycan manatında ayırsınlar".

J. Hacıyevanın sözlərinə görə, bu fərman maliyyə qurumlarından çox insanlara müsbət təsir edəcək: "Çünki onlar borc yüklülüyündən azad olmaqla yenidən biznesə başlaya biləcək və ya mövcud biznesi bir az da irəli apara biləcəklər. Belə ki, onlar əllərinə gələn likvid vəsaitləri doğru qərar verməklə yaxşı biznesə yönəldə bilərlər".

"Fərmanın BOKT-lara müsbət təsirini statistikada görmək üçün bir az zaman lazımdı, çünki konpensasiyaların verilməsi yeni başlayıb. İnanıram ki, bir neçə aydan sonra ilin sonuna doğru müsbət təsirləri rəqəmlərdə də biləcəyik", - deyə Assosiasiya direktoru əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)