A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
Marketinq əlaqələrinin birləşmələri

Marketinq əlaqələrinin birləşmələri – marketinq əlaqələrinin planlaşdırma konsepsiyasıdır, burada müxtəlif əlaqə fənlərinin: geniş kütlə üçün reklam, birbaşa marketinq, satışın və ictimaiyyətlə əlaqələrin dəstəklənməsinin və bu fənlərin birləşməsinin strateji rolları qiymətləndirilən detallı plana üstünlük verir və beləliklə istehlakçıya aydın, ardıcıl və maksimum əlaqə təsirini göstərir.

Mikrosığorta

Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi.

Müqavilə ili

Bir il və ya daha çox müddətə bağlanmış sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən keçən hər 12 ay ərzindəki müddət.

Müqavilələrin (portfelin) ötürülməsi

Sığortaçının (təkrarsığortaçının) könüllü olaraq və ya sığorta nəzarəti orqanının göstərişi ilə müəyyən sığorta növü və ya növləri üzrə bağladığı müqavilələrin, yaxud bütün sığorta portfelinin müqavilələrin başa çatmamış müddətinə mütənasib olan sığorta ehtiyatlarını təmin edən vəsaitlərlə birlikdə digər sığortaçıya və ya təkrarsığortaçıya ötürməsi.

Mütənasib təkrarsığorta

Sığorta hadisəsi üzrə zərərlərin təkrarsığortalı və təkrarsığortaçı arasında bağlanmış təkrarsığorta müqaviləsində nəzərdə tutulmuş sığorta haqlarının mütənasibliyinə uyğun qaydada bölgüsünə əsaslanan təkrarsığortanın forması

Məcmu kapitalı

Sığortaçının aktivlərinin müxtəlifliyi, etibarlılığı, likvidliyi və digər keyfiyyət meyarları nəzərə alınmaqla hesablanan dəyəri.

Məlumatların açıqlanması

Sığorta müqaviləsinin bağlanması zamanı və müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə predmeti ilə əlaqədar olan risklər, həmçinin belə risklərin artması barədə sığortaçını vaxtında və təfərrüatlı şəkildə məlumatlandırmaq vəzifəsi.

Məsuliyyət sığortası

Sığorta olunanın hərəkət və ya hərəkətsizliyi nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla mülki məsuliyyət daşıdığı hallarda, zərərçəkənin qanuni şəkildə tələb etdiyi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sığorta.

Nizamnamə kapitalı

Sığortaçının səhmdarları tərəfindən ödənilən və onların sığorta şirkətindəki maraqlarını ifadə edən vəsait.

Obliqator (avtomatik) təkrarsığorta

Müəyyən sığorta sinfi və ya sinifləri (növləri) üzrə təkrarsığortalının qəbul etdiyi fərdi risklərin təkrarsığortaçı tərəfindən avtomatik olaraq təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta forması

Ödəmə qabiliyyəti

Sığortaçının (təkrarsığortaçının) öhdəliklərinin istənilən vaxt və tam həcmdə yerinə yetirmək imkanı.

Ölüm cədvəli

Eyni yaşda olan şəxslər üçün orta statistik ölüm dərəcəsinin və ya ehtimal edilən yaşama müddətinin göstəricilərini əks etdirən statistik cədvəl.

Ölüm halından sığorta

Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölməsi halında faydalanan şəxsə sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi

Ölümcül xəstəlikdən sığorta

Tibb müəssisəsinin qoyduğu diaqnoza əsasən sığortalının ölümünə səbəb ola biləcək xəstəliyə tutulması halında sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi.

Öz vəsaiti

Sığortaçının öhdəliklərindən azad olan aktivləri.

Peşə xəstəliyi

Aparılmış hərtərəfli müayinədən sonra tibb müəssisəsinin müəyyən etdiyi diaqnoza əsasən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri nəticəsində sığorta olunanın sağlamlığının ciddi surətdə pozulması.

Polis (sığorta polisi)

Sığortalı ilə sığortaçı arasında bağlanan, hər iki tərəfin hüquq və vəzifələrini bəyan edən, yazılı şəkildə tərtib olunan sığorta müqaviləsi.

Qarşiliqli siğorta cəmiyyəti

Müstəsna olaraq üzvlərinin əmlak mənafelərinin sığortalanması məqsədilə fəaliyyət göstərən sığorta təşkilatı.

Qaytarılan məbləğ

Həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən aktuar metodlar əsasında sığorta müqaviləsinə xitam verilmə tarixinə hesablanmış sığorta ehtiyatının sığortalıya ödənməli olduğu hissəsi.

Qeyri-mütənasib təkrarsiğorta

Sığorta hadisəsi baş verdikdə təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğin təkrarsığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan təkrarsığorta növü.

Qismən sığorta

Əmlakın sığorta dəyərindən aşağı məbləğdə sığortalanması. Sığorta müqaviləsi sığorta məbləğinin sığorta dəyərindən aşağı olmasını nəzərdə tutursa, sığorta hadisəsi baş verdikdə sığortaçının ödədiyi sığorta ödənişinin məbləği də sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində müəyyən edilir.